Durğu işarəsi
Durğu işarələri — dilin ümumi qrafik sistemində xüsusi yer tutan işarələr sistemidir ki, bunlar hərflər və digər yazı vasitələri ilə (rəqəmlər, bərabərlik işarəsi, bənzərlik işarəsi və s.) ifadə etmək mümkün olmayan cəhətləri bildirmək üçün işlədilir. Durğu işarələrinin vəzifəsi danışıq aktının məna daşıyan parçalara üzvlənməsini (mənalı hissələrini) göstərməkdən və onların tanınmasını təmin etməkdən, habelə danışıqda reallaşan sintaktik strukturun ritmik-melodik xüsusiyyətlərini əks etdirməkdən ibarətdir. Nöqtə, sual işarəsi, nida işarəsi, vergül, nöqtəli vergül, iki nöqtə, tire, çox nöqtə və s. durğu işarəsi adlanır.
Durğu işarələri iki funksiya yerinə yetirir. Buna görə də iki qrupa ayrılır:
ayırıcı işarələr;
fərqləndirici işarələr.
Ayırıcı durğu işarələrinin əsas funksiyası cümlələri, cümlənin həmcins üzvlərini, mürəkkəb cümlənin komponentlərini və sairi ayırmaqdır. Bu qrupa nöqtə, sual və nida işarələri, qoşa nöqtə, nöqtəli vergül, çox nöqtə daxildir. Fərqləndirici durğu işarələri cütüzvlüdür, vasitəsiz nitqi, sitatları, ara cümlə və əlavə konstruksiyaları fərqləndirmək üçün işlədilən iki vergül, iki tire, mötərizələr və dırnaqlardan ibarətdir.
Durğu işarələri yazılı nitqin formalaşmasında mühüm bir vasitədir və kommunikativ funksiyaya malikdir.